"Kəpəz"in yeni baş məşqçisi: Əsas hədəf bacardıqca yuxarı pillələrdə qərarlaşmaqdır - MÜSAHİBƏ
"Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədovun apasport.az saytına müsahibəsi
- Ötən mövsüm komandada oynayanlardan kimi saxlayacaqsınız? Gedən futbolçulardan kimi saxlamaq istəyirdiniz, ancaq alınmadı?
- Bizdən olsaydı, istəyərdim ki, ötənmövsümkü futbolçuların 80 faizi komandada qalsın. Sadəcə futbolçuya harada çox pul verirlərsə, oraya da gedir. Bu da reallıqdır. Kimləri saxlamaq istəyərdim məsələsinə gəlincə, Yusif və Fərid Nəbiyev qardaşları, həmçinin Ahmed Ayzayanın komandada qalması faydalı olardı.
- Karyerasını bitirdiyini açıqlayan Vurğun Hüseynovla anlaşdınız. Burada təcrübəsi rol oynadı?
- Vurğun təcrübəli və özünü yaxşı tərəfdən göstərmiş futbolçudur. Mən onunla söhbət edəndə, hələ də gücü olduğunu bildirdi. İki il də rahat futbol oynaya biləcəyini dedi. Özüm də, bunu görürdüm. Vurğunun bizə çox köməyi dəyəcək. Komandamıza təcrübəli, lider keyfiyyəti olan futbolçuya ehtiyac var idi
- Əsas məsələ Abdullahi Şuaybunun gedib-getməyəcəyidir. O, komandada qalacaq, yoxsa satacaqsınız? Özü qalmaq istəyir?
- Şuaybunun hansısa komandaya satılmaq mövzusu artıq bağlanıb. O, bu mövsümdə də bizimlə olacaq. Komandaya kömək etməyə çalışacaq.
- "Arsenal"ın sabiq üzvü Deyan İliyevin keçidi gündəmdədir. Bu, baş verəcək? Ümumiyyətlə, sürpriz transfer gözlənilir?
- Təbii ki, transferlər olacaq. Amma düzü, İliyev haqda sizdən eşitdim. Çünki hazırda elə məsələ yoxdur. Yaxın günlərdə kimlərlə müqavilə imzalayacağımızı görəcəksiniz.
- Rəhbərliyin sizin qarşınıza qoyduğu əsas məqsəd, vəzifə nədən ibarətdir, avrokubok, yoxsa liqada qalmaq?
- Rəhbərliyin qarşımıza qoyduğu əsas hədəf mehriban, mübariz kollektiv yaratmaqdır. Həm də, bacardıqca yuxarı pillələrdə qərarlaşmaq. Təbii ki, biz də bundan ötrü çalışacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.
- Yəqin ki, yeni mövsüm ev oyunlarınızı mütləq Gəncədə keçirməyə çalışacaqsınız. Mövsümün ortasında stadionun ot örtüyünün yararsız hala düşməməsi, evindən uzaq düşməməsi üçün indidən işlər gedir?
- Doğma şəhərimizdə, doğma stadionumuzda öz azarkeşlərimizin dəstəyi altında oynayacağıq. Güman edirəm ki, o məsələ ilə bağlı heç bir problemimiz olmaz.

https://mail.qalaba.az//uploads/photo/kepezin-yeni-bash-meshqchisi-esas-hedef-bacardiqca-yuxari-pillelerde-qerarlashmaqdir-musahibe.webp











