Asiman Qurbanlı: “Hədəfim Avropa Oyunlarında yenidən qızıl medal qazanmaqdır”
“Hədəfim yenidən qızıl medal qazanmaq və himnimizi səsləndirməkdir”.
Bunu “QELEBE.AZ”un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın kişi karateçisi Asiman Qurbanlı III Avropa Oyunlarındakı çıxışı barədə danışarkən deyib.
+84 kq çəki dərəcəsində yer aldığı B qrupunda keçirdiyi üç görüşdən ikisində qələbə qazanaraq yarımfinala yüksələn və minimum bürünc medalı təmin edən 31 yaşlı idmançı məğlub olduğu dueldə hakim haqsızlığı ilə üzləşdiyini bildirib: “Mənim üçün əsas ispaniyalı idmançıya qarşı keçirdiyim ilk görüş idi. Çünki Babakar Sakoya iki dəfə uduzmuşdum. Bu dəfə ona qalib gəldim. Gürcüstanlı Qoqita Arkania ilə döyüşümdə hakimlər qərəzli qərar verdilər. Buna baxmayaraq, yenidən toparlandım və ikinci qələbəni qazanaraq, yarımfinala adladım”.
2019-cu ildə Minskdə təşkil olunan II Avropa Oyunlarının qızıl medalçısı yarımfinala yüksəldiyi üçün sevincli olduğunu söyləyib: “Çünki Azərbaycana medalla qayıtmağı təmin etmişəm. Döyüşlərimin hamısı ağır keçir. Çünki burada zəif idmançı yoxdur. Hər çəkidə Avropanın ən güclü 8 idmançısı gəlir. Əvvəlki Avropa Oyunlarının çempionu kimi, istəyim yenidən qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, Asiman Qurbanlı yarımfinalda xorvatiyalı Andelo Kvesiçlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 19:10-da başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/asiman-qurbanli-hedefim-avropa-oyunlarinda-yeniden-qizil-medal-qazanmaqdir.webp











