Çingiz Hüseynzadə: "Kəndlərdə idmanla məşğul olmaq istəyən var, amma məşqçi tapılmır"
"Bəzən elə vəziyyət yaranır ki, rayonlarda, kəndlərdə idmanla məşğul olmaq istəyənlər olur, amma məşqçilər tapılmır".
"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda voleybol mütəxəssisləri üçün keçirilən beynəlxalq seminardan sonra jurnalistlərə açıqlamasında deyib.
MOK rəsmisi bütün regionlarda beynəlxalq səviyyəli məşqçilərin fəaliyyət göstərməsinin vacib olduğunu bildirib: "Nə qədər çox mütəxəssis olsa, bir o qədər çox idman komandaları fəaliyyət göstərəcək. Beləliklə, ölkəmizin bütün regionlarını əhatə etməyə imkan yaranacaq. Biz bu yolu seçmişik ki, bütün bölgələrdə beynəlxalq səviyyəli məşqçilər fəaliyyət göstərə bilsin. Bu gün sertifikat alanları təbrik edirəm. İnanıram ki, onlar ölkə idmanının inkişafında öz xidmətlərini göstərəcəklər".
Çingiz Hüseynzadə Bakıdakı seminarlara ölkə xaricindən də mütəxəssislərin gəldiyini vurğulayıb: "Bu gün bir qrup məşqçilərə sertifikatlar təqdim olundu. Sevindirici haldır ki, onların arasında təkcə ölkəmizdə fəaliyyət göstərən mütəxəssislər deyil, həm də xaricdən gələnlər də var idi. Onlar da sertifikatlaşmanı Azərbaycanda keçirlər. Tədbirə İrandan və Türkiyədən mütəxəssislər də qatılır. Bu kimi seminarlar davamlı olmasını istəyirik".
Vitse-prezident beş nəfərin ingilis dilinə görə kəsilməsinə də toxunub: "Beynəlxalq səviyyəli seminar olduğu üçün tələblərdən biri ingilis dilində məşqlərin aparılmasıdır. Ümid edirəm ki, həmin şəxslər hazırlaşacaq və gələcək seminarda uğur qazanacaqlar. Burada Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə cavab verilməlidir".
Qeyd edək ki, Bakıdakı seminar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə gerçəkləşib.

https://mail.qalaba.az//uploads/photo/chingiz-huseynzade-kendlerde-idmanla-meshgul-olmaq-isteyen-var-amma-meshqchi-tapilmir.webp











