“Araz-Naxçıvan”ın baş məşqçisi: “Çempionlar Liqasında ilk iki mərhələni keçməliyik”
“Çempionlar Liqasında ilk iki mərhələni keçməliyik”.
“Report”un məlumatına görə, bunu futzal üzrə “Araz-Naxçıvan” klubunun baş məşqçisi Vitali Borisov “azfutzal.az”a müsahibəsində komandanın UEFA Çempionlar Liqasındakı hədəfləri barədə danışarkən deyib.
Gənc mütəxəssis turnirin ilkin mərhələsində üz-üzə gələcəkləri “İstanbul Şişli” (Türkiyə), “Jahn Regensburq” (Almaniya) və “Riqa”nı (Latviya) dəyərləndirib: “Almaniya və Türkiyə çempionları haqqında məlumat toplamaq bir qədər çətindir. Ancaq “Riqa” barəsində müəyyən informasiyamız var. İstənilən halda, əvvəlcə özümüz oyunlara tam hazır olmalıyıq. Bütün diqqətimizi hazırlıq prosesinə yönəltmişik”.
V.Borisov təlim-məşq toplanışında əsasən fiziki hazırlığa diqqət ayırdıqlarını bildirib: “Artıq 3 gündür hazırlığa başlamışıq. Əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalara daha çox yer veririk. Heç bir oyunçu artıq çəki ilə qayıtmayıb. Təbii ki, istirahət zamanı heç kim ciddi hazırlıq keçməyib. Ona görə də, fiziki baxımdan yaxşı formada olmadıqları ortadadır. Ancaq Çempionlar Liqası oyunlarına qədər vaxtımız var. Futzalçıları tədricən ən yüksək səviyyəyə çatdırmağa çalışacağıq”.
Baş məşqçi yeni transferlərin kollektivi gücləndirəcəyinə inanır. O, başqa keçidlərin olacağını da vurğulayıb: “Hələlik 2 futzalçı məşqlərə qoşulub. Hər ikisini tanıyırıq, izləmişik, nəyə qadir olduqlarını bilirik. Ninoslav Aleksiç 3-4 il əvvəl Serbiya millisinin heyətində yığmamıza qarşı oynayıb. Həmin görüşdə mən də oyunçu kimi iştirak edirdim. Hər iki futzalçı keyfiyyətlidir. Danışıq apardığımız oyunçular var. Yaxın günlərdə 2-3 futzalçı komandamıza qoşulacaq. Onların keçidi bu gün-sabah yekunlaşacaq. Bu transferlərlə daha da güclənəcəyik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də “İstanbul Şişli”, 24-də “Jahn Regensburq”, 26-da isə “Riqa” ilə qarşılaşacaq.

https://mail.qalaba.az//uploads/photo/araz-naxchivanin-bash-meshqchisi-chempionlar-liqasinda-ilk-iki-merheleni-kechmeliyik.webp











