“Sabah” FİBA Avropa Kubokunda ikinci qələbəsini qazanıb
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda ikinci oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan çempionu Şimali Makedoniyada yerli komanda “Rabotniçki” ilə üz-üzə gəlib.
İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə də eyni uğura imza atıblar. Gərgin keçən görüşdə təmsilçimiz 83:81 hesablı əzmkar qələbə qazanıb.
Qrupun digər görüşündə Rumıniya klubu “Rapid” “Donar”a (69:65) qalib gəlib.
Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək. Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq.

https://mail.qalaba.az//uploads/photo/sabah-fiba-avropa-kubokunda-ikinci-qelebesini-qazanib.webp











