"Kür"ün direktoru: "Öz meydanımızda sözümüzü deməyə çalışacağıq"
"Öz meydanımızda sözümüzü deməyə çalışacağıq".
Bunu "QELEBE.AZ"a açıqlamasında həndbol üzrə "Kür" klubunun direktoru Fuad Yanqildin kişilərdən ibarət komandanın Xorvatiya təmsilçisi "Sesvete"yə qarşı keçirəcəyi Avropa Kubokunun 1/32 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Funksioner hazırlıqlarının plan üzrə getdiyini bildirib: "Kollektiv oyuna tam hazırdır. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq".
F.Yanqildin səfərdə bu rəqibə 15:30 hesabı ilə uduzduqları matça da toxunub: "Səfər oyunçuları bir az yordu. Bu səbəbdən birinci hissədə müqavimət göstərsək də, ikinci yarıda bir az zəif çıxış etdik. Bizim komandanın potensialı var. Xorvatiya həndbolu həm yığma, həm də klub baxımından yüksək səviyyədədir. Buna baxmayaraq, onlara doğma meydanda müqavimət göstərəcəyik".
Direktor fərqi aradan qaldırmaq haqqında düşündüklərini söyləyib: "Oyunda hər şey realdır. Bunu etməyə çalışacağıq. Hazırda komanda üzvlərinin də durumu yaxşıdır".
Qeyd edək ki, oktyabrın 21-də Mingəçevirdə reallaşacaq "Kür" - "Sesvete" görüşü saat 18:00-da start götürəcək.

https://mail.qalaba.az//uploads/photo/kurun-direktoru-oz-meydanimizda-sozumuzu-demeye-chalishacagiq.webp











