Mahir Məmmədov: "Nicat Abasovun İddiaçılar Turnirində iştirakı Azərbaycan idmanı üçün müsbət haldır"
"Bu, Azərbaycan şahmatı, idmanı üçün mübət haldır, yaxşı nəticədir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Nicat Abasovun İddiaçılar Turnirində iştirakının rəsmiləşməsi ilə bağlı danışarkən deyib.
AŞF rəhbəri 28 yaşlı qrossmeysterə mötəbər yarışda uğurlar arzulayıb: "Beynəlxalq Şahmat Federasiyası (FIDE) İddiaçılar Turnirini təsis edəndən sonra indiyədək Azərbaycan təmsilçiləri mütəmadi olaraq bu yarışda iştirak edirlər. Kanadada 8 güclü şahmatçı mübarizə aparacaq. Bu dəfə ölkəmizi Nicat Abasov təmsil edəcək".
FIDE-nin vitse-prezidenti olan M.Məmmədov Abasovun Bakıdakı Dünya Kubokunda uğurlu çıxış etdiyini xatırladıb: "Şahmatçı bu yarışdakı nəticəsi ilə vəsiqəni haqq edirdi. Üçüncü yer uğrunda görüşdə uğur qazanmağa da çox yaxın idi. Birinci partiyada ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlmişdi. Sonradan təzyiqə tab gətirmədi. Ona uğurlar arzulayırıq. Azərbaycan Şahmat Federasiyası ilə birlikdə Nicat Abasova hazırlıq planı da tərtib olunub. Bu yöndə işlər davam edir".
Qeyd edək ki, İddiaçılar Turnirinin aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılıb.

https://mail.qalaba.az//uploads/photo/mahir-memmedov-nicat-abasovun-iddiachilar-turnirinde-ishtiraki-azerbaycan-idmani-uchun-musbet-haldir.webp











