"Neftçi"nin futbolçusu: "Çempionluq şansımız az ola bilər, amma mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin futbolçusu: "Çempionluq şansımız az ola bilər, amma mümkünsüz heç nə yoxdur"

“Neftçi”nin futbolçusu Höccət Haqverdi peşəkar karyerasına 2013-cü ildə İranın “Abumoslem” klubunda başlayıb.

“Zob Ahan” və “Paykan” klublarında da çıxış edən 30 yaşlı müdafiəçi 2021-ci ilin yanvarında “Sumqayıt”a keçib. O, cari mövsümün əvvəlində icarə əsasında Təbriz təmsilçisi “Traktor”un şərəfini qoruyub.

2021-ci ildə Azərbaycan millisinə cəlb olunan mərkəz müdafiəçisi yığmanın heyətində 17 oyun keçirib, aktivinə 1 qol yazdırıb.

Bu ilin yanvarında “Sumqayıt”dan “Neftçi”yə transfer olunan Höccət Haqverdi “Report”un suallarını cavablandırıb.

- Altı aylıq fasilədən sonra karyeranızı yenidən Azərbaycanda davam etdirirsiniz. Bu dəfə yeni klubda - “Neftçi”də oynayırsınız. Təəssüratlarınız necədir?
- Bəli, qısa müddət sonra Azərbaycan futboluna qayıtdım. Həm buna, həm də “Neftçi”də oynadığıma görə xoşbəxtəm. Böyük kluba gəlmişəm. Burada hamı böyük düşünür, yüksək hədəflər var. Məncə, "Neftçi" futbolçunun daha yaxşı olmasına kömək edir. Bu, oyunçular üçün çox vacib amildir. Azərbaycan çempionatının gedişi məni də təəccübləndirdi. Buraya ilk dəfə 2,5 il əvvəl gəlmişəm. Düşünürəm ki, bu müddət ərzində futbol çox inkişaf edib, komandalar gücləniblər. Həm də bu mövsüm yaxşı əcnəbi futbolçular gəliblər. Bu, Azərbaycan futbolunu möhtəşəm edəcək.

- Adaptasiya ilə bağlı problem olurmu?
- Xeyr, uyğunlaşmaqla bağlı heç bir problemim yoxdur. Azərbaycan futbolunu yaxşı tanıyıram. Həm də hesab edirəm ki, “Neftçi”dəki şəraitə çox tez adaptasiya olundum. Hər şey qaydasındadır.

- Son vaxtlar həm millidə, həm də “Neftçi”də daha çox müdafiənin sağında çıxış edirsiniz. Sağda, yoxsa mərkəzdə oynamaq sizə daha rahatdır?
- Əsas mövqeyim mərkəz müdafiəçisidir. Ancaq milli komandanın son oyunlarında sağ cinahda oynamışam. Əvvəlcə bir az çətin idi, çünki sağ cinah müdafiəçisi kimi hücumlara daha çox qoşulmalıyam. Amma indi rahatam, heç bir problem yoxdur.

- Ümumiyyətlə, karyeranız ərzində bir çox baş məşqçi ilə işləmisiniz. Hazırda "Neftçi"yə rəhbərlik edən Laurentsiu Regekampfı necə dəyərləndirmək olar?
- Bəli, karyeram ərzində 20-yə yaxın baş məşqçi ilə işləmişəm. Hər birinin öz fəlsəfəsi var. Regekampfı ərəb komandalarından tanıyırdım. Orada yaxşı nəticələr əldə edirdi. Gözəl xasiyyəti var, oyunçularla mehribandır. Həmçinin, klubun şərtlərindən xəbərdardır və həmişə qələbə, böyük hədəflər axtarır. Bu da çox vacibdir. Regekampf həm də taktiki cəhətdən çox yaxşıdır, onunla işləmək mənə xoşdur.

- 2022-ci ilin ikinci yarısında formasını geyindiyiniz Təbrizin “Traktor” klubunu atmosfer, azarkeş dəstəyi baxımından Azərbaycandakı hansı komanda ilə müqayisə etmək olar?
- “Traktor”un çox azarkeşi var. Ab-havaya gəlincə, vəziyyət bir az fərqlidir. Çünki bəzi matçlarda stadiona 70-80 min azarkeş gəlir. Burada isə “Naftçi” və “Qarabağ”ın azarkeşləri çoxdur. Bəlkə də stadiona az azarkeş gəlir, amma bu komandaları çox adam dəstəkləyir.

- Ümumiyyətlə, İran və Azərbaycan çempionatlarını müqayisə etsək, hansında mübarizə daha gərgin keçir?
- Azərbaycanla İran futbolu arasındakı fərq ondadır ki, orada fiziki cəhətdən mübarizə çox gərgin olur. İkincisi, 16 komandanın hamısı çox yaxşıdır və bütün görüşlər çətin keçir. Amma burada daha çox texniki futbola üstünlük verilir, fiziki duellər nisbətən azdır. Azərbaycanda üç komanda ilə digərləri arasında fərq çox böyükdür.

- XXII turda “Qəbələ” ilə qolsuz heç-heçə etdiniz. Qələbə qazanmağınıza nə mane oldu? Bu nəticəni ədalətli hesab etmək olar?
- “Qəbələ” ilə görüş bizim üçün çox vacib idi. Üç xal qazanmaq istəyirdik, amma hava şəraitinə və məsafəyə görə oyun istədiyimiz kimi getmədi. Qəbələdə oynamaq bir az çətindir. Həm də onların yaxşı futbolçuları var. Yenə də 3 xal qazana bilərdik. Bu, futboldur, bəzən istədiyimiz kimi alınmır.

- Növbəti turda “Səbail”, daha sonra isə “Qarabağ”la qarşılaşacaqsınız. Bu görüşlərdən gözləntiləriniz nədir?
- Əvvəlcə “Səbail”lə oyun barədə düşünürük. Rəqib yaxşı komandadır. Təbii ki, asan olmayacaq. Yeganə məqsədimiz qələbə qazanmaqdır. Çünki “Qarabağ”la qarşılaşma daha çətin keçəcək. Bu üzdən ilk olaraq “Səbail” barədə fikirləşirik.

- Demək olar ki, “Neftçi”nin çempionluq şansı qalmayıb. Mövsümün sonunda qızıl medalları “Qarabağ”ın, yoxsa “Sabah”ın qazanmasını istərdiniz?
- Doğrudur, “Neftçi”nin çempionluq şansı az ola bilər. Lakin futbolda mümkünsüz heç nə yoxdur. Son tura qədər çalışmalıyıq. Fikrimcə, daha yaxşı çıxış edən istənilən komanda çempionluğa layiq olmalıdır. Ona görə də “Neftçi”dən başqa hansının çempion olması mənim üçün o qədər də önəmli deyil.

- Çempionluq əldən çıxdığı üçün bütün gücünüzü Azərbaycan Kubokuna yönəldəcəyinizi söyləmək olar?
- Kuboku qazanmaq üçün əlimizdən gələni etməliyik. Çünki buna çox yaxınıq. Amma bilməliyik ki, kuboku əldə edənə qədər bizi çətin oyunlar gözləyir.

- Azərbaycan millisi martda AVRO-2024 seçmə mərhələsində ilk oyunlarını keçirəcək. Dəvət alacağınıza inanırsınız?
- Heç bir futbolçunun milliyə dəvət almaq təminatı yoxdur. Digər oyunçular kimi, mən də yığmada yer almaq üçün əlimdən gələni etməliyəm.

- Yığma Avstriya və İsveç səfərində hansı nəticələrə nail ola bilər?
- Hər ikisi yaxşı komandadır, keyfiyyətli oyunçulara malikdir. Əlbəttə ki, işimiz çox çətin olacaq. Amma hazırda millidə ab-hava çox yaxşıdır, uğurlu nəticələr əldə etmişik. Futbolçuların motivasiyası yüksəkdir. İnanıram ki, əla işlər bacaracağıq.

- Qrupdakı rəqiblərə nəzər salanda Estoniyadan başqa hansı komandanı məğlub edə bilərsiniz?
- Fikrimcə, hətta Estoniya ilə oyun da asan olmayacaq. Çox çalışmalıyıq. Bütün görüşlərdə yaxşı nəticə əldə etmək potensialına malikik.

Futbol
Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Futbol
The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

Futbol
Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib