Azərbaycanın daha üç boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycanın daha üç boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycanın daha üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

QELEBE.AZ xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/4 finalda İştvan Szaka (Macarıstan) ilə döyüşüb.

Dünya çempionu rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, bu gün yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.

Amin Məmmədzadə (55 kq) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Milli üzvü sabah yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.

Məhəmməd Abdullayev (+90 kq) də rinqdən qalib ayrılıb. Dünya Kubokunun qalibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev bu gün yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətlərə aydınlıq gətirəcək.

Yarımfinala yüksələn 4 boksçu özləri üçün azı bürünc medalı təmin edib.

Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) yarımfinalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.