Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
Qadın voleybolçulardan ibarət “Turan” klubunun CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Tovuzda Xorvatiya “Mladost”una 3:0 hesabı ilə qalib gəlib.
QELEBE.AZ xəbər verir ki, qarşılaşmadan sonra komandanın prezidenti Həsən Zeynalov jurnalistlərin suallarını cavablandırıb.
– Qələbə münasibətilə təbrik edirik. Təəssüratlarınız necədir?
– İlk növbədə, hamıya təşəkkür edirəm. Azərbaycanın, Tovuz rayonunun tarixinə düşəcək, çox gözəl gün idi. Sevincimizin həddi-hüdudu yoxdur. Böyük həyəcan və izdiham var idi. Bütün tovuzlulara təşəkkür edirəm. Sağ olsunlar, bizi tək buraxmadılar. Hamı həvəslə gəlmişdi və ürəklə iştirak etdi. Matçı gənclər və idman naziri Fərid Qayıbov. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev də izləyirdi. Onlar da bizi təbrik etdilər. Sağ olsunlar. Dəvətimizi qəbul edərək, oyunumuza gəldikləri üçün minnətdarlığımı bildirirəm. Uğurlarımızın davamı gəlsin!
– Görüşdən əvvəl qeyd etmişdiniz ki, komandanız uduzsa da, mübarizə əzmini itirməyəcək. İlk matçdakı mübarizə əzmini cavab oyununda da görə biləcəyikmi?
– Təbii. Komandamızın ən böyük və xüsusi fərqi odur ki, uduzsaq belə, bu, heç vaxt mübarizəsiz ola bilməz.
– Azarkeşlər barədə nə deyə bilərsiniz?
– Möhtəşəm idilər! Hamısına şəxsən təşəkkür edirəm. Var olsunlar! Biz içəridə idik, amma çöldə də xeyli azarkeş var idi, oyunu monitordan izləyirdilər. Demək olar ki, 3 setlik mübarizənin yarısını onlar, yarısını isə bizim komanda uddu.
– Üçüncü setdə komandanız geri düşərkən hansı hissləri keçirirdiniz?
– Əvvəllər həyəcan keçirirdim. Amma artıq təcrübəmiz olduğundan, problemin yaranmayacağını bilirəm. Yəni, hesabda geriyə düşmək aldadıcı da ola bilər. Elə bir həyəcan yox idi.
– Oyunun asan keçəcəyini gözləyirdiniz?
– 3:0 hesabı bizi aldatmasın. Oyun heç də asan keçmədi. “Mladost” bizimlə görüşədək 4 rəsmi matç keçirmişdi. Biz isə cari mövsümdə ilk rəsmi oyunumuza çıxırdıq. Özü də doğma meydanda. Azarkeşlərimiz rəqibə nə qədər təzyiq göstərirdisə, bizə bir o qədər həyəcan verirdi. Sevinirik ki, hər şey yaxşı oldu.
– Yenilənmiş “Turan”ı gördükdən sonra bu komandanın hələ çox uzağa gedə biləcəyinə dair inamınız nə qədər artdı?
– Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Amma bu, qrupa düşdükdən sonra yerimizdə saymaq istədiyimiz anlamına gəlməməlidir. Orada da nə isə etmək istəyirik. Zamanın axarına buraxaq. İnanıram ki, bunu da vaxtaşırı görəcəyik.

https://mail.qalaba.az//uploads/photo/hesen-zeynalov-turanin-chempionlar-liqasinda-hedefi-bellidir.webp