Qelebə.az / Fərid Qayıbov: "İdmançılarımız bu formaları ilk dəfə Avropa Oyunlarında geyinəcəklər"

Fərid Qayıbov: "İdmançılarımız bu formaları ilk dəfə Avropa Oyunlarında geyinəcəklər"

16-06-2023, 20:50

"İdmançılarımız bu formaları ilk dəfə III Avropa Oyunlarında geyinəcəklər".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov idmançıların vahid geyim formasının təqdimat mərasimində jurnalistlərə açıqlamasında deyib.

Ölkə başçısının İlham Əliyevin idmanla bağlı bir neçə tapşırıq verdiyini xatırladan nazir bildirib ki, onlardan biri də vahid idman formasının olması idi: "Bunun üzərində 1 ildən artıq çalışdıq. Müxtəlif tanınmış brendlərlə işləmək fikrimiz var idi. Amma alınmadı. Sonda öz brendimiz haqqında düşündük və bizə Mənzər Hacıyeva kömək etdi. Onunla daha əvvəl də bir layihə üzərində çalışmışdıq. Düşünürəm ki, çox uğurlu iş alınıb. Gözəl, ən əsası keyfiyyətli idman geyimimiz var. Bütün federasiyalara, olimpiya növləri üzrə milli komandalara paylanacaq. Birinci mərhələ üçün 200 ədəd gəlib. Gəmi ilə gəldiyi üçün digərlərini gözləməli olacağıq. Bütün idmançılarımız bu formalarla təmin ediləcək".

F.Qayıbovun sözlərinə görə, bu işdə nazirliyə Belçika şirkəti dəstək olub: "Formalar dünyanın müxtəlif fabriklərində tikilib. Həmin şirkət peşəkardır və hansı geyimin harada daha keyfiyyətli hazırlandığını bilir. Onlarla əməkdaşlıqdan razıyıq. Geyimlərin rahat olması hamının xoşuna gəlir. Bir az fərqli idman formasıdır. Bu işdə məşqçilərin, idmançıların da məsləhətlərini almışıq".

Geri qayıt