Qelebə.az / Evren Alkayan: “Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”

Evren Alkayan: “Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”

25-07-2023, 03:57

“Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”.

“Report” xəbər verir ki, bunu 16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisinin baş məqşçisi Evren Alkayan jurnalistlərə açıqlamasında deyib.

“Ölkəmizə, Vətənimizə Avropa çempionu kubokunu gətirərək geri qayıtdıq. Bir həftədir Andorrada keçirilən 16 yaşadək qızlar arasında Avropa çempionatında iştirak etdik. Bütün yarışlarda qələbə qazanaraq Avropa çempionu olduq. Basketbolçu qızlara, federasiyaya, səfərimizin təşkilatçılarına, hər kəsə təşəkkür edirəm”, - baş məşqçi vurğulayıb.

“Basketbolçularımız güclü, inadlı mübarizə apardılar. Sonda da layiq olduqları kuboku qazandılar. Andorra yığmasını qrupda və finalda iki dəfə məğlub edərək çempionluğa layiq olduqlarını göstərdilər. Bütün idmançılarıma təşəkkürlərimi bildirirəm. Mən onlarla fəxr edirəm.

Təbii ki, məşqlərimiz davam edəcək. Daha böyük uğurlara birlikdə imza atmaq üçün hər zaman çox çalışacağıq. Bundan sonra Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi B divizionunda çıxış edəcək”, - Evren Alkayan qeyd edib.

Geri qayıt