"Dünya çempionatında ilk oyun idi. Debüt matçında bir az həyəcan hiss edilirdi".
Bunu "QELEBE.AZ"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında İraq yığmasına 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə danışarkən deyib.
Mütəxəssis görüşdən əvvəl havanın yaxşı olmadığını bildirib: "Gün ərzində yağış yağdığı üçün meydanın vəziyyəti bizə çətinlik yaratdı. Buna baxmayaraq, öz oyunumuzu sərgiləməyə çalışdıq. Nəticədə qələbə qazana bildik".
Quliyev G qrupunda Misir yığmasına qarşı növbəti oyuna da ciddi hazırlaşdıqlarını söyləyib: "Rəqibi dünən stadionda canlı izləmişik və təhlil etmişik. Həmin matçda da qələbə qazanaraq xalqımızı sevindirəcəyimizə inanırıq".
Qeyd edək ki, Azərbaycan - Misir görüşü oktyabrın 29-da baş tutacaq.