Qelebə.az / Azərbaycan şahmatçısı: "Növbəti yarışda gümüş medalı qızılla əvəzləyəcəyik"

Azərbaycan şahmatçısı: "Növbəti yarışda gümüş medalı qızılla əvəzləyəcəyik"

23-11-2023, 16:20

"İnanıram ki, növbəti yarışda bu gümüş medalı qızılla əvəzləyəcəyik".

Bunu "QELEBE.AZ"a açıqlamasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvü Gülnar Məmmədova deyib.

32 yaşlı qrossmeyster yarışa çempion olmaq üçün yolandıqlarını bildirib: "Turnir başlayanda favoritlər sırasında idik. Həm də əvvəlki son iki Avropa çempionatında bürünc medal əldə etmişdik. Hər dəfə medal qazananda ən azı həmin mükafatı qoruyub saxlamaq istəyirsən. Amma bu dəfə daha yüksək əyarlı medala sahib çıxdıq. Komandamızın da çıxışından razı qaldım. Bəlkə birinci yeri tutmaq üçün nələrsə çatmadı. Yarış sıralamasına baxsaq, millimizlə yanaşı, Bolqarıstan və Fransa ilk turlardan liderliyi davam etdirirdi. Fransa sonradan bir az yaxşı oynamadı. Bolqarıstan isə sona qədər iddialı olduğunu göstərdi. Heyətlərində aparıcı şahmatçılar var idi. İddialı kollektivdir. Son turda Gürcüstana uduzsaydılar, çempion olacaqdıq".

Məmmədova turnirə həm fərdi, həm də komanda şəklində hazırlaşdıqlarını söyləyib: "Bir ildir ki, Yevgeni Tomaşevski bizimlə məşqlərə qoşulub. Məşqlər öz bəhrəsini verib. Sonuncu dəfə bürünc medal əldə edəndə axırıncı turda qələbə qazanıb mükafata sahib çıxmışdıq. Bu dəfə isə üçüncü yerdən 3 xal irəlidə idik. Bu isə onu göstərir ki, məşqlərimiz daha keyfiyyətli olub. Növbəti yarışda qızıl medal qazana bilərik. Bunun real olduğunu düşünürəm. Amma məşqləri davam etdirməli və mütəmadi olaraq çalışmalıyıq".

O, kişi şahmatçıların uğursuz çıxışı haqqında danışıb: "İdmanda belə hallar olur. Onlar üçqat Avropa çempionudurlar. Mən onlarla fəxr edirəm. Bəzi uğursuzluqlar ola bilər. Amma inanıram ki, növbəti illərdə də medallar əldə edəcəklər. İnsan da bəzən uğursuz zolağa düşür".

Geri qayıt