"İnter Mayami"nin və Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-da həyata uyğunlaşmağın çətinlikləri ilə bağlı fikirlərini bölüşüb.
“Report” xəbər verir ki, onun sözlərini “Time” nəşri sitat gətirir.
“Bəlkə də uyğunlaşmağın ən çətin hissəsi tıxaclar idi, baxmayaraq ki, bu Parisdə də çətin idi. Hələ yayda da isti və rütubət. Baxmayaraq ki, çimərlikdə və ya tətildə olmaq çox vaxt xoş olur. Amma idman, məşq və ya oyunlar üçün, xüsusən yayda, bəlkə də, bu, bir az çoxdur və bunun da təsiri var”, - hücumçu deyib.
Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Hazırda MLS-də mövsüm başlamazdan əvvəl fasilə mövcuddur.
2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında hücumçu yeddi oyunda yeddi qol vurub, onlardan dördü penaltidən olub. Finalda Fransa ilə görüşdə dubla imza atıb.