Qelebə.az / Azərbaycan şahmatçısı: Sloveniyaya birinci yeri tutmaq üçün gəlmişdim

Azərbaycan şahmatçısı: Sloveniyaya birinci yeri tutmaq üçün gəlmişdim

6-05-2024, 16:02

Yarışa birinci yeri tutmaq üçün gəlmişdim.

Bu sözləri “QELEBE.AZ”a açıqlamasında Sloveniyada keçirilən "Ljubljana Festival"da 7,5 xal toplamaqla qızıl medal qazanan Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli deyib.

O, 120 şahmatçının 9 turdan ibarət mübarizəsində çətinliklə qalib gəldiyini bildirib: “Təbii ki, yarışa birinci yeri tutmaq üçün gəlmişdim. Çox çətin keçdi. Məndən yüksək reytinqə malik şahmatçılar da var idi. Buna baxmayaraq, birinci yer üçün oynayırdım”.

Qədimbəyli ən çətin oyunu 8-ci turda keçirdiyini deyib: “8-ci turda yarışın iki nömrəli şahmatçısı Sabino Brunello ilə qarşılaşmışdım. Qara fiqurlarla qalib gəlmək lazım idi. Çətin olmasına baxmayaraq, bunu bacardım. 8-ci turda qələbə növbəti oyuna rahat çıxmağıma şərait yaratdı. 9-cu turda mənə heç-heçə də bəs edirdi. Mən də heç-heçə etməklə birinci yeri tutdum”.

Şahmatçı yarışın təşkilatçılığından razı qalıb: “Hər şey yüksək səviyyədə idi. 30 dəqiqədən bir yoxlamalar aparılırdı”.

O, gələcək planlar barədə bu sözləri deyib: “Gələcəklə bağlı hələlik plan yoxdur. Yəqin ki, hazırlıqlara davam edəcəm. Qarşıda “Baku Open” var. Başqa yarışların da keçirilməsi gözlənilir”.

Geri qayıt