"Sabah" klubunun futbolçusu Tellur Mütəllimov Azərbaycan millisinə çağırılmamasına münasibət bildirib.
29 yaşlı yarımmüdafiəçi bu barədə "QELEBE.AZ"a açıqlama verib.
O, yığmada oynamağın hər kəs üçün fəxr olduğunu bildirib:
"Təbii ki, mən də çağırılsam, qürur duyaram. Komandamızın yaxşı nəticə əldə etməsi üçün də meydanda əlimdən gələni edərəm. Bunun üçün klubda özümü yaxşı tərəfdən göstərməliyəm. Heyəti isə baş məşqçi Fernandu Santuş müəyyənləşdirir. Onun qərarlarına hörmətlə yanaşıram. Hazırda futbolçu kimi işim özümü yaxşı tərəfdən göstərməkdir".
Mütəllimov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk dörd matçda məğlub olması haqqında da danışıb:
"Hər birimiz millinin qələbə qazanmasını istəyirik. İstər meydanda mübarizə aparan oyunçular, istərsə də azarkeşlər bunu arzulayırlar. İnanıram ki, komanda qarşıdakı matçlardan yaxşı nəticə ilə ayrılacaq və fanatları sevindirəcək".
Qeyd edək ki, Tellur Mütəllimov son olaraq 2023-cü ilin martında İsveç və Avstriyaya qarşı AVRO-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya çağırılıb. Lakin heç bir qarşılaşmada meydana çıxmayıb. O, 2021-ci ildə DÇ-2022-nin seçmə matçlarında iştirak edib.