Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın sərbəst güləşçiləri mühüm görüşlərə çıxıblar.
Apasport.az xəbər verir ki, bu gün 4 idmançımız qızıl medal uğrunda mübarizə aparıb, 1 güləşçimiz isə bürünc medal uğrunda mübarizə aparıb.
İlk olaraq Turan Bayramov (74 kq) Slovakiyanı təmsil edən Taymuraz Salmazanovla qarşılaşıb. Təmsilçimiz 2:4 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.
86 kq çəki dərəcəsində mübarizə aparan sərbəst geləşçimiz Arseniy Djioyev finalda rusiyalı İbrahim Kadiyevə 1:2 hesabıyla uduzub və qitə yarışını ikinci başa vurub.
125 kq çəki dərəcəsində mübarizə aparan Giorgi Meşvildişvili finalda macarıstanlı Vladislav Baytsayevə heç bir şans verməyib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn güləşçimiz karyerasında ikinci dəfə Avropa çempionu olub.
Ali Tsokayev (92 kq) Bolqarıstandan Ahmed Batayevi 5:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nurəddin Novruzov (61 kq) bürünc medal uğrunda görüşdə italiyalı Simyone Pirodduya “tuş”la məğlub olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medal əldə edib.
Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl medal qazanıb, Cəbrayıl Hacıyev (79 kq) isə mükafatçılar sırasında yer alıb.