Qelebə.az / Avropa birinciliyində doqquz medal qazanan Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

Avropa birinciliyində doqquz medal qazanan Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

Dünən, 21:54

Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində doqquz medal qazanan Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar.

QELEBE.AZ xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımız üçün təntənəli qarşılanma mərasimi təşkil olunub.

Medalçılar və yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıblar.

Azərbaycan millisinin baş məşqçisi Sərdar Həsənov yarışda iştirak edən hər üç idmançının medal qazanmasını yüksək qiymətləndirib:

“Bura qədər gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Yadınızdadırsa, ötən yarışda da deyilmişdi ki, bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır. Albaniyada keçirilən yarışda biz bunu bir daha sübut etdik. Üç idmançı ilə getdik və hər biri medallar qazandı. Təbii ki, belə yarışda daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Amma məşqçilər heyəti olaraq işimizi real nəticələrə əsasən qururuq. Yığma komandamızın qapısı hər kəsə açıqdır. Bu gün kim fiziki və psixoloji cəhətdən hazırdırsa, ona şans verilir. Qarşıda bizi lisenziya xarakterli yarışlar gözləyir. Hazırlıqlarımız plan üzrə gedir”.

Avropa birinciliyinin mükafatçısı Rahilə Hüseynzadə uğurunu Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edib:

“Bu qələbəmi Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Əsl qələbəni bizə onlar qazandırdı. Yarış müddətində federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov da Albaniyada idi. Onlar da bildirdilər ki, belə əlamətdar tarixdə Vətənə qələbə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Çox şükür, belə də oldu. Üstəlik, Azərbaycan ağırlıqqaldırma tarixində U-23 kateqoriyasında mükafat qazanan ilk yerli idmançı olduğum üçün sevincliyəm”.

Digər medalçı Fuad Həsənov uğurun arxasında ciddi hazırlıq prosesinin dayandığını vurğulayıb:

“Əvvəlcə onu deyim ki, yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bu uğurun təməlində bizə yaradılan şərait və məşqçilərimizin gərgin əməyi dayanır. Çalışdım ki, hər yanaşmanı uğurla tamamlayım. Yüz faizlik nəticə göstərmək bəzən çətin olur. Minimum hədəfimiz yarışdan medal gətirmək idi və sevinirəm ki, bunu bacardıq”.

Avropa birinciliyinin mükafatçısı Qasım İsmayılov isə gələcək hədəflərindən danışıb:

“Yarışa üç nəfər yollanmışdıq və hər birimiz mükafat qazanmağı bacardıq. Təbii ki, daha yaxşı ola bilərdi. Bizim idmanda hər kiloqram önəm kəsb edir. Çıxışımı rəqiblərə görə yox, öz gücümüzə görə qiymətləndirməyə çalışıram. Çünki yarışdan-yarışa rəqiblər dəyişə bilir. Çalışıram ki, özümə aid nəticələri artan templə yeniləyim. Məqsədimiz odur ki, böyüklərin də yarışında ölkəmizi layiqincə təmsil edək”.

Geri qayıt