Qelebə.az / Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”

Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”

Bu gün, 12:08

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşi baş məşqçi Maykl Kerrikin taktiki qərarlarını tənqid etdiyinə görə sərt şəkildə qınayıb.

QELEBE.AZ xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının III turunda “Komo”ya 1:4 hesablı məğlubiyyətdən sonra məşqçilər korpusunun seçdiyi oyun planından narazılığını bildirib.

Fernandeş rəqibə qarşı yüksək pressinq tətbiq edilməməsini əsas problemlərdən biri kimi göstərib:

“Rəqibə fərdi pressinq etməmək, müəyyən boşluqlar buraxaraq topu geri qazanmaq üçün gözləmək məşqçilər korpusunun qərarı idi. Amma belə komandalara topu çox verəndə onlar özlərinəinam qazanırlar. Sizi çox qaçmağa məcbur edirlər və futbolçular yorulurlar. Topu geri qazandıqdan sonra isə həm fiziki, həm də zehni baxımdan oynamaq çətinləşir”.

32 yaşlı futbolçu taktiki seçimin düzgün olub-olmaması ilə bağlı suala belə cavab verib:

“Buna baş məşqçi və onun köməkçiləri qərar verməlidirlər, mən yox. Sadəcə düşünürəm ki, bəzən daha cəsarətli olmalı, risk edərək rəqibə meydanın ön hissəsində pressinq tətbiq etməliyik. Onlar bizə qarşı məhz belə oynadılar”.

Fernandeş “Komo”nun meydanın mərkəzində sərbəst hərəkət etməsinə imkan verilməsinin də səhv olduğunu vurğulayıb.

Baş məşqçi Maykl Kerrik isə kapitanının iradlarına cavab verib:

“İkinci hissədə müəyyən epizodlarda fərdi pressinq tətbiq etdik və bundan sonra qol buraxdıq. Hansı sistemi və taktikanı seçməyindən asılı olmayaraq, irəli və geri qaçmırsansa, qalib gələ bilməzsən”.

Fernandeşin açıqlamaları “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karragerin sərt reaksiyasına səbəb olub. O, CBS Sports telekanalında portuqaliyalı futbolçunun davranışını qəbuledilməz adlandırıb:

“Bruno Fernandeşin baş məşqçini bu şəkildə tənqid etməsi biabırçılıqdır. Ötən mövsüm Kerrik onu öz mövqeyinə qaytardı və nəticədə möhtəşəm mövsüm keçirdi. Amma onun davranışı düzgün deyil”.

Karrager “Mançester Yunayted”in pressinq problemlərinin əsas səbəblərindən birinin elə Fernandeş olduğunu iddia edib:

“Bruno illərdir komandanın düzgün pressinq etməsinə mane olur. Azarkeşlərə xoş görünmək üçün məktəb həyətindəki uşaq kimi meydanda ora-bura qaçır. Hamı onun çox çalışdığını düşünür, amma əslində komandasına zərər verir”.

İngiltərə millisinin sabiq üzvü Fernandeşin meydandakı hərəkətlərini də tənqid edib:

“Onun daim əllərini qaldıraraq komanda yoldaşlarına etiraz etməsi utancvericidir. Bu, ‘Mançester Yunayted’in kapitanına yaraşan davranış deyil”.

Qeyd edək ki, Bruno Fernandeş “Komo” ilə görüşün 67-ci dəqiqəsində əvəzlənib. “Mançester Yunayted” isə bütün turnirlərdə keçirdiyi son 7 oyunda qələbə qazana bilməyib.

Geri qayıt