Qelebə.az / Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO

Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO

Bu gün, 12:10

UFC-nin yüngül çəki dərəcəsində çıxış edən döyüşçüsü Arman Tsarukyan ABŞ-də keçirilən mətbuat konfransında qalmaqal yaradıb.

Apasport.az xəbər verir ki, hadisə Las-Veqasda təşkil olunacaq RAF 14 turnirindən əvvəl baş verib.

Tsarukyan amerikalı rəqibi Dillon Denisə hücum etməyə çalışıb.

Buna Denisin UFC döyüşçüsü Həmzət Çimayevi təhqir etməsi səbəb olub. Amerikalı idmançı mətbuat konfransına üzərində Çimayevin saqqalsız fotosu və onun ünvanına təhqiramiz ifadə yazılmış köynəklə gəlib.

Yaxın dostunun təhqir olunmasına əsəbiləşən Tsarukyan yerindən qalxaraq rəqibinin üzərinə hücum çəkib və ona zərbə endirməyə çalışıb.

Təhlükəsizlik əməkdaşlarının müdaxiləsinə baxmayaraq, qarşıdurma qısa müddətdə kütləvi davaya çevrilib. Hər iki döyüşçünün komandasının üzvləri səhnəyə çıxıb. İnsident zamanı avadanlıqlar aşıb, təhlükəsizlik əməkdaşlarından birinin qanaxma keçirdiyi bildirilib.

Hadisədən sonra Tsarukyan və Denis ənənəvi üz-üzə dayanma mərasimində iştirak etməyiblər.

Tsarukyan daha sonra sosial şəbəkədə hadisənin videosunu paylaşaraq rəqibi barədə “Həyat ona heç nə öyrətmir” ifadəsini işlədib.

Qeyd edək ki, Arman Tsarukyan və Dillon Denis bu gün Las-Veqasda keçiriləcək RAF 14 turnirinin əsas qarşılaşmasında üz-üzə gəlməlidirlər.

Geri qayıt