Qelebə.az / Azərbaycanda oynamış paraqvaylı futbolçu: “Sabah” uğurlu, “Neftçi” uğursuz mövsüm keçirir”

Azərbaycanda oynamış paraqvaylı futbolçu: “Sabah” uğurlu, “Neftçi” uğursuz mövsüm keçirir”

10-04-2023, 15:45

“Sabah” uğurlu, “Neftçi” uğursuz mövsüm keçirir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanda adıçəkilən klubların formasını geyinmiş paraqvaylı futbolçu Erik Ramos deyib.

Son olaraq ölkəsində üçüncü liqa təmsilçisi “Karapequa”nın şərəfini qoruyan 36 yaşlı yarımmüdafiəçi “Neftçi”nin uğursuz çıxışını heyətdə tez-tez edilən dəyişikliklərlə əlaqələndirib: “Neftçi”nin nəticələrini daim diqqətdə saxlayıram. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşması komandanın yaxşı durumda olmadığını göstərir. “Neftçi”dəki uğursuzluğun səbəbini tez-tez baş məşqçi və futbolçu dəyişmələrində görürəm. Futbolda stabil heyətə malik olmaq çox vacibdir. “Qarabağ” məhz bunun sayəsində uzun müddətdir Azərbaycan futboluna hegemonluq edir, avrokuboklarda uğurlu nəticələr qazanır”.

“Sabah”ın Premyer Liqadakı debüt mövsümündə heyətində yer alan Ramos bakılıların inkişafını yüksək qiymətləndirib: “Sabah” ildən-ilə daha yaxşı nəticələr göstərir. Zəngin tarixi olmasa da, onlar üçün işlər qaydasında gedir və eyni ruhda davam edirlər. “Neftçi”dən fərqli olaraq, heyəti stabil qorumağı bacarırlar. Məncə, bu gedişlə “Sabah” gələn mövsüm çempionluq yarışında “Qarabağ”a başağrısı olacaq. Layihələri olan maraqlı klubdur”.

Qeyd edək ki, Erik Ramos 2012-2016-cı illərdə “Neftçi”də, 2018-2019 mövsümündə isə “Sabah”da çıxış edib.

Geri qayıt