Əziz Hüseynov: "Çempionluq öz əlimizdədir"
“Çox gərgin oyun keçdi”.
Bu sözləri QELEBE.AZ saytına açıqlamasında Azərbaycan II Liqasında çıxış edən “Xankəndi” klubunun futbolçusu Əziz Hüseynov deyib.
33 yaşlı müdafiəçi ötən gün çempionatın XXIV turu çərçivəsində keçirilən “Qaradağ Lökbatan”la 1:1 hesablı heç-heçəni dəyərləndirib: “Qələbə qazanmağı çox istəyirdik. Oyun ərzində bir çox qol fürsətlərimiz də oldu. Sadəcə, onlardan yalnız birini dəyərləndirə bildik. Bu nəticə bizim üçün pis deyil, çempionluq hələ də öz əlimizdədir. Qarşıda qalan üç oyunda maksimum nəticə qazanaraq çempion olmaq istəyirik”.
Futbolçu görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyi barəsində də fikirlərini dilə gətirib: “İki qırmızı vərəqə aldıq və ilk hissədə 6, ikinci hissədə isə 11 dəqiqə əlavə vaxt oynanıldı. Məncə, bu, həddindən artıq idi. Azlıqda qalanda məcbur taktiki dəyişiklik etdik və sonda qələbəni əldən verdik. Bir xal bizim üçün hazırkı vəziyyətdə pis nəticə deyil, ən yaxın rəqibimizlə 3 xallıq fərqi qoruduq və qarşıdakı oyunlara köklənəcəyik”.
O, komandanın hazırkı vəziyyətini də şərh edib: “Komandada vəziyyət yüksək səviyyədədir, hər kəs məsuliyyətini dərk edir və bu üç oyuna köklənib. İnşallah, hər oyuna final kimi çıxıb qələbə qazanaraq çempionluğumuzu rəsmiləşdirmək istəyirik. Hamımız buna tam köklənmişik”.
Qeyd edək ki, 24 turdan sonra turnir cədvəlinə hazırda 67 xalla "Xankəndi" başçılıq edir. Aktivində 64 xalı olan "Qaradağ Lökbatan" klubu isə ikinci pillədə qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/eziz-huseynov-quotchempionluq-oz-elimizdedirquot.webp