Avropa Kuboku: “Odlar Yurdu” ikinci pilləni bölüşür

Avropa Kuboku: “Odlar Yurdu” ikinci pilləni bölüşür

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda 5-ci turun oyunları başa çatıb.

QELEBE.AZ xəbər verir ki, kişilərin yarışında mübarizə aparan “Vüqar Həşimov” klubu Slovakiyanın “Slaviya” komandasına uduzub. Qarşılaşma rəqibin 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Beş turdan sonra 6 xalı olan təmsilçimiz turnir cədvəlində 22-ci yerdə qərarlaşıb.

Qadınların yarışında isə “Odlar Yurdu” klubu Serbiyanın “Srvena Zvezda” komandasını 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarını 8-ə çatdıran təmsilçimiz turnir cədvəlində 2-3-cü yerləri bölüşür.

“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev yer alıblar. “Odlar Yurdu”nu isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova təmsil edirlər.

Qeyd edək ki, 4-cü turda “Vüqar Həşimov” klubunun üzvü Aydın Süleymanlı özbəkistanlı şahmat ulduzu Nodirbek Abdusattarova qalib gələrək diqqət çəkib.

Bu gün Avropa Kubokunda 6-cı turun görüşləri keçiriləcək. “Vüqar Həşimov” Almaniyanın “FC St. Pauli 1910” klubu ilə, “Odlar Yurdu” isə Lüksemburqun “Gambit Bonnevoie” komandası ilə qarşılaşacaq.

Avropa Kubokuna oktyabrın 23-də yekun vurulacaq.