Murad Dikmen: “Komanda olaraq çox yaxşı çıxış etdik”
“Gəncə” basketbol klubunun baş məşqçisi Murad Dikmen “Kolossos”la qarşılaşmadan sonra fikirlərini bölüşüb.
QELEBE.AZ xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının oyunundan razı qaldığını bildirib:
“Sonadək mübarizə aparan, ehtiyatda oturaraq hər an meydana çıxmağa hazır olan basketbolçularıma təşəkkür edirəm. Oynayıb-oynamamasından asılı olmayaraq, komanda şəklində çox yaxşı çıxış etdik və oyundan qopmadıq. Son saniyəyə qədər mübarizə apardıq.
Avropa matçları fərqli səviyyədə keçir. Yeni transferimiz, oyun qurucumuz Donovan Donaldsonun da komandaya qoşulması gücümüzü artırdı. Həm hücumda, həm də müdafiədə oyun planımızı həyata keçirməyə çalışdıq.
Məqsədimiz rəqibin ən çox xal toplayan 5 nömrəli basketbolçusuna daha çox oynamaq imkanı yaratmaq idi. Çünki top onda olanda rəqib kollektiv mübarizə apara bilmirdi. Təəssüf ki, 21 nömrəli yerli basketbolçuları 6 dəfə dəqiq üçxallıq atışla oyun planımızı pozdu.
Buna baxmayaraq, öz oyunumuzla matçda qalmağı bacardıq, hətta müəyyən müddətdə görüşə nəzarət etdik. Yorğunluq və rotasiya imkanlarımızın məhdud olması son 2-3 dəqiqədə özünü göstərdi. Bununla belə, mübarizədən əl çəkmədik və 7-8 xal geridə olsaq da, hesabı yaxınlaşdırdıq.
Qarşımızda Avropa Kubokunda təcrübəsi olan rəqib vardı. Gün keçdikcə biz də təcrübə qazanır, daha düzgün oynamağa çalışan komandaya çevrilirik. Basketbolçularımız bir-birinə alışırlar. İndi eyni oyunu daxili çempionatda da sərgiləməliyik.
Köməkçilərimə və bütün komanda heyətinə təşəkkür edirəm. Ümid edirəm ki, Gəncədə keçirəcəyimiz ev oyununda qalib gələrək azarkeşlərimizi, klub rəhbərliyini və bizə dəstək olan hər kəsi sevindirəcəyik”.

https://mail.qalaba.az//uploads/photo/murad-dikmen-komanda-olaraq-chox-yaxshi-chixish-etdik.webp