Davud Namazlı: “Daha böyük uğurlar əldə etməyə çalışacam”
Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Davud Namazlı yarışdan sonra təəssüratlarını bölüşüb.
QELEBE.AZ xəbər verir ki, o çıxışı barədə danışıb.
"Həqiqətən, gənclər yığmasına qoşulduğum gündən bəri həm Avropa, həm də dünya çempionatından medal arzulayırdım. Allaha şükürlər olsun ki, bu gün artıq həm qitə, həm də dünya birinciliyində medalım var. Finalda uduzduğum rəqiblə bundan əvvəl bir dəfə də üz-üzə gəlmişdik və həmin görüşdə mən qalib olmuşdum. Lakin bu dəfə rəqibim bir anlıq səhvimdən istifadə edərək qələbə qazandı. Buna da min şükür. İnşallah, bundan sonra artıq böyüklər kateqoriyasına keçirik. Orada daha yaxşı nəticələr göstərməyə və daha böyük uğurlar əldə etməyə çalışacağam".
– Növbəti illə bağlı əsas planların və hədəflərin nədir? Qarşıda Olimpiada var və sənin çəkində Zelim Kotsoyev kimi titullu idmançı çıxış edir…
– Əlimdən gələni edəcəyəm ki, qarşıdakı yarışlarda özümü ən yaxşı tərəfdən göstərim. Zelim Kotsoyev həqiqətən böyük hörmət bəslədiyim idmançıdır, bu günə qədər öz məsləhətləri ilə mənə çox köməklik göstərib. Çalışacağam ki, meydanda daha yaxşı və sağlam bir rəqabət yaradaq. Eyni zamanda aşağı yaş qruplarından – həm yeniyetmələrdən, həm də gənclərdən ibarət komandalardan çox yaxşı nəsil yetişir. Onların hər birinə gələcək karyeralarında sağlam rəqabət arzulayıram.
– Belə çıxır ki, əsas hədəflərindən biri də məhz Olimpiya oyunlarına vəsiqə qazanmaqdır?
– Bəli, inşallah ki, Olimpiadada iştirak etmək və uğur qazanmaq mənə də nəsib olar.

https://mail.qalaba.az//uploads/photo/davud-namazli-daha-boyuk-ugurlar-elde-etmeye-chalishacam.webp