Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"
"Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir".
"Report"un məlumatına görə, bunu "Qarabağ" klubunda çıxış edən Qara Qarayev Slovakiya və Qazaxıstana qarşı UEFA Millətlər Liqasının oyunlarına dəvət almaması ilə bağlı şəxsi instaqram hesabında yazıb.
30 yaşlı yarımmüdafiəçi baş məşqçi Canni De Byazinin qərarına hörmətlə yanaşdığını bildirib: "Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığma uğurlar arzulayıram. Hər iki oyunda milli formamı geyinib, komanda yoldaşlarıma mənəvi dəstək olacağam. “Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi klubun növbəti oyunlarına yönəldəcəyəm. Həm çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Sonda mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər"
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.

https://mail.qalaba.az//uploads/photo/qara-qarayev-milliden-kenarda-qalmaq-meni-meyus-edir.webp











