Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Türkiyə Super Liqasının XII turunda Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Erzurumspor” doğma meydanda “Göztepe”ni qəbul edib.
Apasport.az xəbər verir ki, Kazım Karabekir stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ilk hissəsində hesab açılmayıb. Fasiləyə əlavə olunmuş dəqiqələrdə “Göztepe”nin futbolçusu Noa Sonko fərqlənsə də, VAR müdaxiləsindən sonra qol ləğv edilib.
Matçın taleyini 70-ci dəqiqədə vurulan qol həll edib. Meydana yeni daxil olan Efkan Bekiroğlu fərqlənərək İzmir təmsilçisinə qələbə qazandırıb.
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Hücumçu 90 dəqiqə ərzində meydana çıxmaq şansı qazanmayıb.
Bu məğlubiyyətdən sonra 14 xalda qalan “Erzurumspor” turnir cədvəlində 13-cü pilləyə geriləyib. “Göztepe” isə xal ehtiyatını 18-ə çatdıraraq 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, “Erzurumspor” növbəti turda səfərdə “Fənərbaxça” ilə qarşılaşacaq. “Göztepe” isə “Trabzonspor”u qəbul edəcək.

https://mail.qalaba.az//uploads/photo/neriman-axundzade-yene-ehtiyatda-qaldi.webp