Millimiz Avropa çempionatını 4 medalla başa vurub

Millimiz Avropa çempionatını 4 medalla başa vurub

Azərbaycan boksçuları Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatını 4 medalla başa vurublar.

Apasport.az xəbər verir ki, millimizin üzvləri Bilalhəbaşi Nəzərov (50 kq) və Nicat Alırzayev (70 kq) qızıl medal qazanıblar.

Nəzərov finalda Türkiyə təmsilçisi Tevfik Akkası 5:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Bununla da 19 yaşlı boksçu ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. O, 2024-cü ildə Poreçdə, 2025-ci ildə isə Ostravada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Alırzayev isə həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Zviad Tçotçua üzərində 5:0 hesablı qələbə qazanaraq qızıl medala sahib çıxıb.

Bundan başqa, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı Avropa çempionatında Azərbaycan millisi 2 qızıl və 2 bürünc medal qazanıb.