Anar Sarıyev: “İrəliləyiş göz qabağındadır”
NTD komandasının məşqçisi, həmçinin Azərbaycan U-20 millisinin baş məşqçisi Anar Sarıyev klubun mətbuat xidmətinə müsahibə verib.
QELEBE.AZ müsahibəni təqdim edir.
– NTD bu mövsüm əsasən U-20 millisinin üzvlərindən ibarət gənc heyətlə çıxış edir. Çempionatın ilk dövrəsinin yekunlarına əsasən, onların inkişafını necə qiymətləndirirsiniz?
– Əvvəldən əsas məqsədimiz digər klublarda az oyun vaxtı qazanan gənc basketbolçuları bir komandada toplamaq, onlara müntəzəm oynamaq və təcrübə qazanmaq imkanı yaratmaq idi. Bunun sayəsində gələn il Avropa çempionatında daha uğurlu çıxış edəcəyimizə ümid edirik. Sonradan məlum oldu ki, turnir Bakıda keçiriləcək. Biz hər zaman yüksək yerlər uğrunda mübarizə aparmağı hədəfləyirik. Belə bir komandanın formalaşdırılması da planımızın bir hissəsi idi.
– İlk turla müqayisədə basketbolçuların inkişafı nə dərəcədə hiss olunur?
– İrəliləyiş göz qabağındadır. Bunu həm oyunlarda, həm də məşq prosesində hiss edirəm. Qısa müddət ərzində müsbət istiqamətdə ciddi dəyişikliklər baş verib. Ümid edirəm ki, çempionatın sonuna qədər basketbolçularımız daha da inkişaf edəcək və komandamız güclənəcək.
– Gənc basketbolçularımızın əsas çatışmazlığı nədir?
– Düşünürəm ki, onlara ilk növbədə oyun təcrübəsi çatışmır. Bu uşaqlar daim məşq ediblər, lakin bacarıqlarını meydançada nümayiş etdirmək üçün kifayət qədər imkanları olmayıb. Meydançaya çıxsalar belə, cəmi 2-3 dəqiqə oynayırdılar. Bir səhvə yol verdikdə və ya atışları uğursuz alındıqda dərhal əvəzləniblər. Daha təcrübəli basketbolçulara üstünlük verilirdi. Təbii ki, bütün bunlar gənc oyunçuların inkişafına mənfi təsir göstərirdi.
– Mövsümün sonuna qədər onlardan nə gözləyirsiniz?
– Qeyd etdiyim kimi, gələn il millimizin daha güclü olacağını gözləyirik. Xüsusilə ötən mövsüm çempionatda az oyun vaxtı qazanan basketbolçuların ciddi irəliləyiş əldə edəcəyinə ümid edirik.
– Gənc basketbolçularımızın legionerlərlə rəqabət aparmaq potensialını necə qiymətləndirirsiniz?
– Geridə qalan yeddi turun nəticələrinə əsasən, artıq müəyyən müsbət dəyişiklikləri görürük. Komandamız oyunlarda 60-70, hətta 80 xal toplayır. Düzdür, hələ ki, daha çox xal buraxırıq. Lakin gənc yerli basketbolçularımızın legionerlərə qarşı mübarizədə 10 və daha çox xal toplaması bizi çox sevindirir. Bu, müsbət göstəricidir. Düşünürəm ki, hər keçən oyun onların öz güclərinə inamını daha da artıracaq.
– 2027-ci ildə Azərbaycan ilk dəfə U-20 Avropa çempionatının B divizionun oyunlarına ev sahibliyi edəcək. Millimizin bu turnirdə hədəfi nə olacaq?
– Bildiyiniz kimi, bu mövsüm ikinci liqada “Quba” komandası da çıxış edəcək. Digər klubları təmsil edən U-20 millimizin üzvləri bu komandanın heyətində birgə oynamaq imkanı qazanacaqlar. Onlar müntəzəm çempionatda 20 oyun, uğurlu çıxış edəcəkləri təqdirdə isə pley-off mərhələsində də oyunlar keçirəcəklər. İkinci liqa olsa da, basketbolçularımız həm oyun təcrübəsi qazanacaq, həm də bir-birilərinə daha yaxşı uyğunlaşacaqlar. Bu, millimiz üçün böyük üstünlükdür.
Avropa çempionatında isə yalnız medallar uğrunda mübarizə aparacağıq. Ola bilsin, bu, bir qədər iddialı səslənsin, amma hədəfimiz məhz budur. Üstəlik, çempionat doğma meydançada, Bakıda keçiriləcək. Bütün oyunlarımızda tribunaların dolu olacağını və azarkeşlərimizin dəstəyini hiss edəcəyimizi gözləyirik.
Hazırda ən böyük narahatlığımız zədələrlə bağlıdır. Əsas odur ki, basketbolçularımız klub mövsümünü zədəsiz başa vursunlar və yayda Bakıda keçiriləcək Avropa çempionatına tam heyətlə, yaxşı formada hazırlaşa bilək.

https://mail.qalaba.az//uploads/photo/anar-sariyev-irelileyish-goz-qabagindadir.webp