Çempionlar Kubokunun qalibi vəfat etdi
Braziliyalı sabiq futbolçu Juari 67 yaşında dünyasını dəyişib.
QELEBE.AZ xəbər verir ki, bu barədə onun keçmiş klubu “Santos”un mətbuat xidməti məlumat yayıb.
Keçmiş hücumçu noyabrın 26-da Braziliyanın Posos-di-Kaldas şəhərində vəfat edib. Klubun açıqlamasına görə, Juari onurğa və prostat xərçənginin yaratdığı ağırlaşmalar nəticəsində həyatını itirib.
Peşəkar karyerasına “Santos”da başlayan futbolçu klubun heyətində 229 oyuna çıxıb və 101 qol vurub. O, 1978-ci ildə komanda ilə San-Paulu ştatının çempionu olub.
Juari Avropada “Avellino”, “İnter”, “Askoli”, “Kremoneze” və “Porto” klublarının formasını geyinib. Hücumçu karyerasının ən böyük uğuruna 1987-ci ildə Portuqaliya təmsilçisi ilə imza atıb. O, Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) finalında “Bavariya”ya qarşı keçirilən görüşdə qələbə qolunu vuraraq “Porto”nun titul qazanmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Juari Braziliya millisinin heyətində 3 oyun keçirib və 1 qol vurub.

https://mail.qalaba.az//uploads/photo/chempionlar-kubokunun-qalibi-vefat-etdi.webp