Müflis olan klub 250 min avroya tarixi adını və loqosunu geri aldı
İtaliyanın “Kataniya” klubu müflis olduqdan sonra itirdiyi tarixi ad və loqosuna yenidən sahib çıxıb.
Apasport.az xəbər verir ki, Siciliya təmsilçisi “Calcio Catania” adını və klubun məşhur fil təsvirli loqosunu özündə birləşdirən tarixi əmtəə nişanını 250 min avroya satın alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1946-cı ildə yaradılan və uzun illər “Calcio Catania” adı altında çıxış edən klub 2021-ci ilin dekabrında müflis elan olunub. Komanda 2022-ci ilin aprelində İtaliya C Seriyasından kənarlaşdırılıb. İflas nəticəsində klubun tarixi adı və loqosu ilə bağlı hüquqlar da əvvəlki hüquqi şəxsin aktivləri arasında qalıb.
Həmin ilin yayında yeni rəhbərlik tərəfindən yaradılan komanda “Catania SSD” adı ilə fəaliyyətə başlayıb. 2023-cü ildə isə klubun adı “Catania FC” olaraq dəyişdirilib. Beləliklə, komanda fəaliyyətini davam etdirsə də, əvvəlki klubun tarixi əmtəə nişanına sahib deyildi.
Oktyabrın 22-də keçirilən hərracda həmin nişan 55 min avro ilkin qiymətlə satışa çıxarılıb. “Kataniya” 250 min avroluq təkliflə digər iddiaçıları geridə qoyaraq hərracın qalibi olub.
Bununla da Siciliya təmsilçisi dörd ildən artıq fasilədən sonra “Calcio Catania” yazısını və tarixi loqosunu özündə birləşdirən əmtəə nişanını geri qaytarıb. Klubun hazırkı rəsmi adı isə “Catania FC” olaraq qalır.
Qeyd edək ki, “Kataniya” hazırda İtaliya C Seriyasında mübarizə aparır.

https://mail.qalaba.az//uploads/photo/muflis-olan-klub-250-min-avroya-tarixi-adini-ve-loqosunu-geri-aldi.webp